Gia Volski: “Venesiya Komissiyası yalnız hüquqi tərəfi analiz edir, ölkədəki vəziyyəti nəzərə almır”
"Komissiya yalnız hüquqi aspektləri nəzərdən keçirir, ölkədə baş verən real prosesləri isə dəyərləndirmir."
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin birinci vitse-spikeri Gia Volski Venesiya Komissiyasının Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi” və “Yığıncaqlar və Manifestasiyalar haqqında” qanununda edilən dəyişikliklərlə bağlı tənqidi rəyini şərh edərkən bildirib.
“Venesiya Komissiyası yalnız hüquqi tərəfi analiz edir və ümumiyyətlə, hansı şəraitdə qanunun qəbul edildiyi ilə maraqlanmır. Onlar üçün polisin üzərinə pirotexnika atılması, daşlar və ya “Molotov kokteyli” ilə hücum edilməsi əhəmiyyət kəsb etmir. Reallıq isə budur ki, Gürcüstanda yaranmış vəziyyət məhz bu cür qanunların qısa müddətdə qəbul edilməsini tələb edirdi. Hətta ölkədə insanları inqilaba çağıranlar belə bunu anlayırlar. Bəzi qanunlar dərhal qəbul edilməlidir ki, ölkənin məhv olmasına səbəb olacaq proseslər daha da dərinləşməsin.” – deyə Volski qeyd edib.
Onun sözlərinə görə, Venesiya Komissiyası qanunların qəbul olunma prosedurlarına hüquqi qiymət versə də, ölkənin daxili siyasi vəziyyətini nəzərə almır.
Qey edək ki, Komissiya “İnzibati Xətalar Məcəlləsi” və “Yığıncaqlar və Manifestasiyalar haqqında” qanuna edilən dəyişikliklərin uyğun qanunvericilik prosesi ilə nəzərdən keçirilməli olduğunu bildirib. Rəydə vurğulanıb ki, qanunvericilik dəyişiklikləri sürətlə qəbul edilib və maraqlı tərəflərin iştirakı təmin olunmayıb.
Xatırladırıq ki, Gürcüstan parlamenti 2024-cü il dekabrın 13-də və 2025-ci il fevralın 6-da adıçəkilən qanunlarda dəyişikliklər edib. Müxalifət və hüquq müdafiəçiləri bu dəyişikliklərin vətəndaş azadlıqlarını məhdudlaşdırdığını iddia edir və qanunların tələsik qəbul edilməsini tənqid edirlər.


