Mamuka Mdinaradze: "Baltikyanı ölkələrin sanksiyaları bizim üçün heç bir əhəmiyyət kəsb etmir"
Gürcüstan parlamentində hakim "Gürcü Arzusu" fraksiyasının lideri Mamuka Mdinaradze Baltikyanı ölkələr tərəfindən tətbiq edilən sanksiyaların heç bir əhəmiyyət daşımadığını bildirib.
O, parlament çoxluğunun iclasından sonra jurnalistlərə açıqlamasında qeyd edib ki, gələcəkdə daha "sərt və ağır zərbələr" ola bilər, lakin bunun da önəmi yoxdur, çünki "bütün dünya artıq həqiqəti gördü".
"Bu sanksiyalar bizim üçün heç bir şey ifadə etmir. Avropa bürokratiyasında 'dərin dövlətlər' tərəfindən təzyiqlər var və gələcəkdə daha ağır zərbələr də ola bilər, amma bunun fərqi yoxdur. Çünki bütün dünya – avropalılar, amerikalılar, gürcülər və hər kəs həqiqətin harada olduğunu gördü. Ən skeptik insan belə obyektiv düşünərsə, anlamalıdır ki, həqiqət hansı tərəfdədir və bu sanksiyalar nə məqsədə xidmət edir. Həqiqət ortada olduğu müddətcə bu sanksiyaların heç bir təsiri olmayacaq. Gürcüstan və onun hökuməti öz mövqeyində dayanır və müstəqilliyini daha da möhkəmləndirir. Buna görə də bu məsələ bizim üçün problem yaratmır." – deyə Mdinaradze vurğulayıb.


