03 
Mar
2025
11:04
209

Bu gün parlamentdə televiziya və radio yayımçılığı ilə bağlı qanun dəyişiklikləri müzakirə olunacaq

 Parlamentin Sənaye və İqtisadi Siyasət Komitəsi bu gün “Yayımçılıq haqqında” qanuna ediləcək dəyişiklikləri birinci oxunuşda müzakirə edəcək.

InterPress.ge xəbər verir ki, dəyişikliklər “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının birgə təşəbbüsü ilə hazırlanıb. Parlamentdə iki ayrı, bir-birindən asılı olmayan qanun layihəsi təqdim edilib.

Birinci qanun layihəsinə əsasən televiziya və radio təşkilatlarının xarici qüvvələrdən maliyyələşməsi qadağan edilir;Media qurumları nə birbaşa maliyyə, nə də digər maddi aktivlər şəklində yardım ala biləcək; Xarici qüvvələrin yayımçılardan xidmət satın alması, proqramların hazırlanmasını və efirdə yayımlanmasını birbaşa və ya dolayı yolla maliyyələşdirməsi qadağan edilir.

İkinci qanun layihəsinə əsasən Gürcüstanın Kommunikasiya Tənzimləmə Komissiyasına televiziyaları və radioları cərimələmək və xəbərdarlıq etmək səlahiyyəti verilir. Cərimələnmə halları:
    •    Xəbərlərin təqdimatında “ədalətlilik” və “qərəzsizlik” prinsiplərinin pozulması;
    •    Xəbər reportajlarında balansın qorunmaması;
    •    Əvvəlcədən xəbərdarlıq edilmədən müsahibələrin və ya telefon danışıqlarının gizli yazıya alınması (yalnız açıq çəkilişin mümkün olmadığı hallarda icazə veriləcək);
    •    Canlı efirdə edilən telefon zənglərinin “ədalətlilik prinsipi” əsasında seçilməməsi – yalnız bir baxış bucağı nümayiş etdirilə bilməz;
    •    Məktəblərdə, xəstəxanalarda, cəzaçəkmə müəssisələrində, polis bölmələrində və ya təcili yardım avtomobilində icazəsiz çəkiliş aparılması;
    •    Verilişlərdə yalnız bir qonağın iştirak etməsi və həmin şəxsə digər iştirakçının müdafiəsiz qalacağı hücumlar edilməsi.

Qanun layihəsinə əsasən, Kommunikasiya Tənzimləmə Komissiyası yayımçıların etik normaları pozub-pozmadığını yoxlayacaq. Əgər pozuntu aşkarlanarsa, əvvəlcə xəbərdarlıq ediləcək və problem aradan qaldırmaq üçün müəyyən vaxt veriləcək. Təlimata əməl olunmazsa, yayımçıya cərimə tətbiq ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər