Donald Trump: "Zelenski ABŞ-a hörmətsizlik göstərdi, sülhə hazır olduqda geri qayıda bilər"
ABŞ prezidenti Donald Trump, Truth Social platformasında Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi görüş barədə paylaşım edib və Zelenskinin ABŞ-a hörmətsizlik etdiyini bildirib.
"Bu gün Ağ Evdə çox məzmunlu bir görüşümüz oldu. Çox şey öyrəndik – bəzi həqiqətləri anlamaq yalnız təzyiq və emosiyalar altında mümkün olur. Bu görüşdə anladım ki, prezident Zelenski sülhə hazır deyil, əgər ABŞ bu danışıqlarda iştirak edirsə. Çünki o hiss edir ki, bizim iştirakımız ona böyük üstünlük qazandırır. Mən üstünlük istəmirəm, mən sülh istəyirəm. O, Oval ofisdə ABŞ-a qarşı hörmətsizlik nümayiş etdirdi. O, sülhə hazır olduqda geri qayıda bilər", – deyə Trump bildirib.
CNN-in məlumatına görə, planlaşdırılan birgə mətbuat konfransı baş tutmayacaq və Ukrayna nümayəndə heyəti artıq Ağ Evi tərk edib.
Xatırladaq ki, bir qədər əvvəl Trump, vitse-prezident J.D. Vance və Zelenski arasında jurnalistlər qarşısında gərgin mübahisə yaşanmışdı. Bu qarşıdurma Trump-ın Ukraynaya dəstək siyasətinə münasibətinin dəyişdiyini göstərən əsas hadisələrdən biri hesab olunur.


