Aİ rəsmisi Kaya Kallas: “Trampın bəyanatları Rusiya təbliğatının təkrarıdır”
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanatlarını sərt tənqid edib.
InterPress.ge-nin məlumatına görə, Kallas bildirib ki, Trampın “Ukraynanın NATO-ya qoşulmaq istəyi Rusiyanın hücumuna səbəb olub” fikri tamamilə əsassızdır və bu, Kremlin yaydığı dezinformasiyadır.
"Bu ittihamlar reallıqdan tamamilə uzaqdır. Bu, Rusiyanın yaratdığı bir narrativdir və biz bu təbliğatı qəbul etməməliyik. Biz niyə NATO-da olmalıyıq? Çünki Rusiyadan qorxuruq. Təhlükəsizliyin yeganə zəmanəti NATO-nun müdafiə çətiridir”, - deyə Kallas AFP-yə müsahibəsində vurğulayıb.
O, Trampın Ukraynanın NATO-ya üzvlüyünə dair ritorikasının Rusiyanın maraqlarına uyğun gəldiyini və Moskvanın istədiklərini əldə etməməli olduğunu qeyd edib:
“Mənim sualım budur: niyə Rusiya bu qədər cinayət törətdikdən sonra ona istədiyini verək? Ukraynaya hücum etdi, əraziləri ilhaq etdi, torpaqları işğal etdi və indi əlavə güzəştlər də istəyir? Təsəvvür edin, ABŞ-da 11 Sentyabr hadisəsindən sonra kiminsə Usama bin Laden ilə masaya oturub ona belə bir sual verməsini: ‘Yaxşı, daha nə istəyirsən?’ Bu, ağlasığmazdır!” - deyə Kallas bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv olmasının mümkünsüz olduğunu və bu məsələni “unudacağına” işarə edib.
“Ukrayna NATO-ya qoşulmağı unuda bilər. Yəqin ki, bu, münaqişənin başlanmasının əsas səbəbidir”, - deyə Tramp Ağ Evdə kabinet iclasında jurnalistlərə bildirib.


