25 
Fev
2025
16:21
177

İrakli Kobaxidze: “Qərarlarımız Gürcüstanın ikinci cəbhə olmasının qarşısını aldı”

Hökumətin qəbul etdiyi qərarlar ölkənin ikinci cəbhəyə çevrilməsinin qarşısını almaqda həlledici rol oynayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, xüsusilə də Rusiya əleyhinə sanksiyalara qoşulmamaq barədə qərar mühüm əhəmiyyət kəsb edirdi.

Baş nazir jurnalistlərin keçmiş baş nazir İrakli Qaribaşvilinin üç il əvvəlki açıqlaması ilə bağlı sualına cavab olaraq qeyd edib ki, Gürcüstanın hərbi münaqişəyə cəlb olunmasına birbaşa cəhdlər var idi.

“Hamımız xatırlayırıq ki, İrakli Qaribaşvili üç il əvvəl tarixi bir qərar qəbul etdi və açıqlama verdi. O zaman Gürcüstanda eskalasiya yaratmaq, ölkəni Ukraynada başlayan hərbi münaqişəyə cəlb etmək üçün birbaşa cəhdlər var idi. Bizim qərarlarımız Gürcüstanın ikinci cəbhəyə çevrilməsinin qarşısını aldı. Bunlardan biri də sanksiyalara qoşulmamaq barədə prinsipial qərar idi. Bu, bir tərəfdən, düşmən qüvvələrin istədiyi eskalasiyaya səbəb ola bilərdi, digər tərəfdən isə ölkənin iqtisadiyyatının çökməsinə gətirib çıxarardı. Təbii ki, biz belə bir addımı ata bilməzdik. O zaman qəbul edilən prinsipial qərarı İrakli Qaribaşvili elan etdi. Sonrakı illərdə biz öz mövqeyimizi qorumağı və Gürcüstanda sülhü təmin etməyi bacardıq”, - deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, 2022-ci il fevralın 25-də o vaxtkı baş nazir İrakli Qaribaşvili Gürcüstanın Rusiya əleyhinə tətbiq olunan iqtisadi və digər sanksiyalara qoşulmayacağını bəyan etmişdi. O, bu qərarı Gürcüstanın “milli və xalq maraqları” ilə izah etmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər