Baş nazir: “Biz ABŞ-ın hazırladığı sülh qətnaməsini dəstəkləyirik”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ tərəfindən hazırlanmış qətnaməyə dəstək verdiyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, bu qətnamə “dərin dövlətin” hər hansı müdaxiləsi olmadan hazırlanıb və Gürcüstan rəhbərliyi ABŞ-ın sülh təşəbbüsünü tam dəstəkləyir.
Kobaxidze vurğulayıb ki, Gürcüstan son üç il ərzində 600-dən çox beynəlxalq sənədə qoşulub, o cümlədən, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlərə:
“Biz Ukraynaya qarşı Rusiyanın hərbi təcavüzünü pisləyən və onun suverenliyini dəstəkləyən çoxsaylı beynəlxalq sənədlərə qoşulmuşuq. Bizim bu məsələyə dair mövqeyimiz dəyişməz qalır. ABŞ tərəfindən təqdim olunan qətnaməyə qoşulmuşuq, çünki o, sülhə yönəlmiş bir sənəddir və müharibənin uzadılmasına yox, onun tezliklə bitməsinə çağırış edir.”
Baş nazir əlavə edib ki, Gürcüstan ABŞ-ın sülh planına tam dəstək verir və onun tezliklə nəticə verəcəyinə ümid edir:
“Biz ABŞ-ın sülh təşəbbüsünü tam dəstəkləyirik və inanırıq ki, bu plan tezliklə uğurla nəticələnəcək. Bizim üçün vacib olan, münaqişənin daha da uzadılmasına yox, sülhə aparan sənədlərə qoşulmaqdır.”
Xatırladaq ki, The Wall Street Journal-ın məlumatına görə, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın hazırladığı qətnaməyə səsvermə planlaşdırılır. Bu qətnamə Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatdırılmasına çağırış edir. Sənəddə münaqişə nəticəsində insan itkilərinin kədər doğurduğu bildirilir, lakin müharibənin hansı tərəf tərəfindən başladıldığı açıq şəkildə qeyd olunmur və Moskva üçün konkret tələblər irəli sürülmür.
Məqalədə o da vurğulanır ki, Gürcüstan hökuməti bu qətnamənin yeganə həmmüəllifidir, və bu, son vaxtlar Tbilisi ilə Moskva arasında münasibətlərin istiləşməsi fonunda diqqət çəkir.


