Gürcüstanda televiziya kanallarının xarici maliyyələşdirilməsi qadağan olunur
Gürcüstan parlamentində "Yayım haqqında" qanuna dəyişikliklər nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki, layihəyə əsasən, yayımçılara (televiziya kanalları və radio stansiyaları) xarici qüvvələrdən birbaşa və ya dolayı yolla maliyyə vəsaiti və ya digər maddi yardım almaq qadağan edilir.
Qanun layihəsi həmçinin xarici qüvvələrin yayımçıların xidmətlərini satın almasını, proqramların hazırlanmasını və yayımlanmasını birbaşa və ya dolayı şəkildə maliyyələşdirməsini və ya həmtərəfdaş olmasını da qadağan edir.
Bundan əlavə, yayımçılar sosial reklam yerləşdirmək müqabilində birbaşa və ya dolayı maliyyə dəstəyi ala bilməyəcəklər.
Sözügedən dəyişikliklər hakim "Gürcü Arzusu" və "Xalqın Gücü" partiyalarının birgə qanunvericilik təşəbbüsüdür və parlamentdə artıq müzakirəyə çıxarılıb.


