Gürcüstan parlamentinin hüquq məsələləri komitəsinin sədri: “Özlərini müxalifət adlandıranlar əslində casus şəbəkəsinin üzvləridir”
Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Gorduladze jurnalistlərlə söhbətində ölkədəki bəzi müxalifət nümayəndələrinin əslində xarici təsir agentləri olduğunu iddia edib.
InterPress.ge xəbər verir ki, o, bildirib ki, Gürcüstanın parlamentində real müxalifət var, lakin bəzi şəxslər özlərini müxalifət adlandırsa da, əslində casus şəbəkəsinə xidmət edirlər.
Gorduladzenin sözlərinə görə, bu siyasi qüvvələr təkcə Gürcüstana deyil, həm də Amerika Birləşmiş Ştatlarına qarşı fəaliyyət göstərirlər.
“Onlar ölkəyə qarşı mübarizə aparırlar, siyasi müxalifət deyil. Təkcə Gürcüstana deyil, ABŞ-a da qarşı çıxırlar. Çünki ABŞ Ukraynada sülh yolu ilə nizamlanma prosesinin əsas təşəbbüskarlarından biridir. Gürcüstan da “Gürcü Arzusu” komandasının rəhbərliyi altında bu prosesin tərəfdarı və dəstəkçisidir. Lakin bu insanlar əslində bunun əleyhinə çıxırlar. Onlar müharibəni, dağıntıları, insan ölümlərini və ölkənin məhv olmasını dəstəkləyirlər. Onlar Ukraynada müharibənin sülh yolu ilə bitməsini istəmirlər. Bu, “Deep State” və “Qlobal Müharibə Partiyası”nın məqsədidir – müharibənin mümkün qədər uzanması və bəzi qüvvələrin bundan böyük gəlirlər əldə etməsi. Bu barədə hətta ABŞ prezidenti və onun administrasiyası da açıq danışır,” - deyə Gorduladze vurğulayıb.
Qeyd edək ki, The Wall Street Journal-ın məlumatına görə, BMT Təhlükəsizlik Şurasında ABŞ tərəfindən hazırlanmış qətnamə layihəsi müzakirəyə çıxarıla bilər. Sənəd Ukrayna-Rusiya münaqişəsinin tezliklə başa çatdırılmasını tələb edir. Nəşrin verdiyi məlumata görə, üç maddədən ibarət olan qətnamə layihəsində münaqişənin “sürətli həlli” istənilir və Ukraynada baş verən insan itkiləri ilə bağlı təəssüf ifadə olunur. Bununla yanaşı, qətnamədə müharibəni kimin başladığı göstərilmir və Rusiyaya qarşı konkret tələblər irəli sürülmür.
The Wall Street Journal həmçinin qeyd edir ki, bu qətnamənin yeganə həmmüəllifi Gürcüstan hökumətidir, hansı ki, son vaxtlar Moskva ilə münasibətləri istiləşdirib.


