İrakli Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan yeniləməyə hazırdır
ABŞ ilə münasibətləri sıfırdan yeniləmək istəyirik.
InterPress.ge xəbər verir ki, bu barəsə baş nazir İrakli Kobaxidze bildirib.
Baş nazir ABŞ ilə strateji tərəfdaşlığın yenilənməsi və münasibətlərin “sıfırdan başlaması” üçün konkret yol xəritəsi hazırlanmasının vacibliyini vurğulayıb. O, bunun Gürcüstan hökumətinin ABŞ administrasiyasına açıq təklifi olduğunu bildirib.
“Biz ABŞ ilə münasibətlərin yenidən qurulmasını istəyirik və bu barədə dəfələrlə açıqlama vermişik. Lakin təkcə münasibətlərin bərpası deyil, daha irəli gedərək strateji tərəfdaşlığın konkret bir yol xəritəsi ilə yeni səhifədən başlanmasını arzulayırıq. Bu, bizim ABŞ hökumətinə açıq təklifimizdir”, – deyə Kobaxidze qeyd edib.
Baş nazirin sözlərinə görə, hazırda ABŞ-ın daxili problemləri və beynəlxalq münaqişələrin həlli Tramp administrasiyasının əsas prioritetləri sırasındadır.
“Biz başa düşürük ki, Tramp administrasiyasının hazırda çox işi var – daxili məsələlər, müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparılır. Buna görə də bu mərhələdə Gürcüstana kifayət qədər vaxt ayırmaq çətin ola bilər. Lakin düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra Tramp administrasiyası Gürcüstan-Amerika münasibətlərinə ciddi maraq göstərəcək və bu, əlaqələrin yenidən qurulmasının əsasını təşkil edəcək” – deyə Kobaxidze əlavə edib.
O həmçinin vurğulayıb ki, Gürcüstan və ABŞ arasındakı münasibətlərin gələcəyi “Deep State” (Gizli Dövlət) adlandırılan qüvvələrin məğlubiyyətindən asılı olacaq.
“Trampın “Deep State”i nə dərəcədə məğlub edə bilməsi Gürcüstan-ABŞ münasibətlərinin yenilənməsinə təsir edəcək”, – o bildirib.
Kobaxidze Avropa İttifaqının da ciddi problemlərlə üzləşdiyini qeyd edərək, qurumun daxili böhranlarına daha çox diqqət yetirməli olduğunu bildirib.
“Bildiyiniz kimi, Avropa İttifaqında ağır iqtisadi recesiya yaşanır və böhran vəziyyəti hökm sürür. Aİ-nin ali nümayəndələri daha çox bu məsələlərə fokuslanmalıdır. Onlar üçün ən yaxşı seçim, ilk növbədə, öz problemlərinin həlli üzərində işləmək olardı”, – deyə baş nazir əlavə edib.


