ATƏT məruzəçisi: Gürcüstanda siyasi repressiyalar sürətlə artır
Gürcüstanda siyasi təzyiqlər və repressiyalar 2024-cü il seçkilərindən sonra kəskin şəkildə artıb.
InterPress.ge xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının məruzəçisi Karina Odebrink ATƏT-in Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODİHR) seçkilərlə bağlı hesabatında seçicilərə təzyiq göstərilməsi, seçki kampaniyalarının maliyyələşdirilməsində balanssızlıq və siyasi yönümlü media təbliğatının aşkar edildiyi vurğulanır.
"Hesabatda seçicilərin qorxudulması, seçki kampaniyalarının maliyyə balansının pozulması və siyasi yönümlü media təbliğatının olması qeyd edilib. Bütün bunlar seçkilərin demokratik prinsiplərinə ziddir," – deyə Karina Odebrink vurğulayıb.
O, əlavə edib ki, Gürcüstandakı mövcud vəziyyət demokratiya üçün faciəvi geriləmədir və ATƏT bu ölkədə əsas prinsiplərindən geri çəkilməməlidir.
"Gürcüstandakı acınacaqlı vəziyyət demokratik geriləmənin göstəricisidir və ATƏT öz əsas prinsiplərini qorumaqda israrlı olmalıdır," – deyə məruzəçi əlavə edib.
Odebrinkin sözlərinə görə, beynəlxalq ictimaiyyət Gürcüstandakı siyasi vəziyyəti yaxından izləməli və demokratik institutların qorunması üçün fəal addımlar atmalıdır.


