Parlament Dövlət Qrantları Agentliyinin yaradılmasını dəstəklədi
Parlament hökumətin təşəbbüsünü ilk oxunuşda təsdiqləyib.
InterPress.ge xəbər verir ki, bu təşəbbüsə əsasən, hökumətin müəyyən etdiyi ictimai-hüquqi şəxs qeyri-hökumət təşkilatlarına qrant ayıra biləcək.
Qanunun qəbul edilməsi və qüvvəyə minməsi ilə birlikdə Dövlət Qrantlarının İdarəedilməsi Agentliyi yaradılacaq. Bu agentlik ictimai təşkilatlara qrant ayıracaq.
Qanun layihəsinin parlamentdə sürətləndirilmiş qaydada müzakirəsi davam edir. Hökumətin məlumatına görə, 2025-ci il dövlət büdcəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi üçün 20 milyon lari nəzərdə tutulub. Bu vəsait həm agentliyin yaradılması və fəaliyyətinin təmin olunmasına, həm də qrantların maliyyələşdirilməsinə yönəldiləcək. Yeni yaradılacaq agentlikdə təxminən 10 nəfər çalışacaq.
Qanun layihəsinin izahat sənədində vurğulanır ki, ictimai təşkilatlar demokratik cəmiyyətin və dövlətin ayrılmaz hissəsidir. Bu təşkilatlar nəzarətçi ("watchdog"), analitik ("think tank") və ya xidmət təminatçısı ("service provider") kimi ölkənin inkişafında mühüm rol oynayırlar. Onlar hökumətin fəaliyyətini izləyir, alternativ həll yolları təklif edir, ictimai rəyin formalaşmasına töhfə verir və müxtəlif sosial qruplara xidmət göstərməklə dövlətin fəaliyyətini dəstəkləyirlər.
Sənəddə vurğulanır ki, bir çox Avropa ölkəsində ictimai təşkilatların dövlət maliyyəsi ilə dəstəklənməsi uğurlu praktika hesab edilir. Bir sıra ölkələrdə belə təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsi üçün xüsusi müstəqil qurumlar fəaliyyət göstərir və ictimai müsabiqələr təşkil edir.
Bu təşəbbüsün əsaslandırılmasında qeyd olunur ki, hazırda Gürcüstanda ictimai təşkilatların əsas maliyyə mənbəyi xarici donorlar tərəfindən təmin olunur, bu isə dolayısı ilə onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Buna görə də hökumət büdcə vəsaitləri hesabına bu təşkilatların fəaliyyətini dəstəkləmək və onların ölkənin inkişaf prioritetlərinə uyğun işləməsini təmin etmək üçün Dövlət Qrantlarının İdarəedilməsi Agentliyinin yaradılmasını təklif edir.


