Gürcüstan parlamentində müvəqqəti istintaq komissiyasının ilk iclası keçiriləcək
Gürcüstan parlamentində 2003-2012-ci illərdə hakimiyyətdə olmuş siyasi rejimin fəaliyyətini araşdırmaq üçün yaradılmış müvəqqəti istintaq komissiyası bu gün ilk iclasını keçirəcək.
InterPress.ge xəbər verir ki, iclas təşkilati xarakter daşıyacaq və komissiyanın sədri, katibi seçiləcək, həmçinin nizamnamə layihəsi təsdiqlənəcək.
Komissiyada hakim “Gürcü Arzusu” partiyasından beş deputat, “Xalqın Gücü” partiyasından iki və “Avropalı Sosialistlər” fraksiyasından bir deputat təmsil olunur. Hazırda “Gaxaria Gürcüstan Naminə” partiyasına ayrılmış iki yer hələ də boş qalır.
Hakim partiyanın nümayəndələri komissiyanın əsas məqsədini vurğulayıblar. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze, komissiyanın qarşısında duran əsas vəzifənin ölkədə cinayətkar rejimlərin qurulmasının qarşısını almaq olduğunu bildirib:
"Bu gün komissiyanın ilk iclası keçiriləcək. Biz komissiyanın sədrini, katibini seçəcəyik və nizamnamə layihəsini təsdiqləyəcəyik. Eyni zamanda, digər təşkilati məsələlər də müzakirə olunacaq. Mənim fikrimcə, bu komissiyanın əsas məqsədi keçmişdə olduğu kimi, bu gün və gələcəkdə heç bir hakimiyyətin cinayətkar rejimin formalaşmasına və xalqına qarşı zorakılığa yol verməməsini təmin etməkdir.”
Müvəqqəti istintaq komissiyasının işi altı ay davam edəcək və araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq.


