Estoniya XİN rəhbəri: “Gürcüstan hazırkı kursu ilə Aİ-yə üzv ola bilməz”
"Gürcüstan hazırkı siyasi kursunu davam etdirəcəyi təqdirdə, Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər naziri Margus Cahkna, parlamentdə çıxışı zamanı bildirib.
O, həmçinin vurğulayıb ki, ölkədə yeni seçkilərin keçirilməsi siyasi böhrandan çıxış və cəmiyyətin etimadının bərpası üçün yeganə yoldur.
"Təəssüf ki, Aİ-nin genişlənməsi tərsinə çevrilə bilər və Gürcüstanda baş verən hadisələr bunu sübut edir. Hakim partiya ölkəni getdikcə demokratiyadan uzaqlaşdırır və Qərbə inteqrasiya kursunu təhlükə altına qoyur."
Nazir əlavə edib ki, Gürcüstanın hazırkı hökuməti faktiki olaraq legitimlikdən məhrumdur və Avropa ilə münasibətləri gərginləşdirir. O, ölkədə baş verən hadisələrə cavab olaraq Aİ-nin Gürcüstana qarşı sanksiyaları sərtləşdirməyə və vizasız rejimi ləğv etməyə hazır olduğunu bəyan edib.
"Əgər Gürcüstan rəsmiləri zorakılıq tətbiq etməyə davam edərsə, biz sanksiyaları daha da sərtləşdirməyə, o cümlədən vizasız rejimi ləğv etməyə hazırıq."
Cahkna, Estoniyanın Gürcüstanda demokratik prosesləri dəstəklədiyini və ölkənin Aİ-yə inteqrasiyasının yalnız siyasi sabitlik və demokratik islahatlarla mümkün ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət ölkəni demokratiyadan və Aİ-dən uzaqlaşdırdığı halda, beynəlxalq dəstək risk altında qalacaq.


