Kaxa Kaladze: Müxalifət xarici maraqlara xidmət edən xain və radikal qruplaşmadır
Tbilisi meri, Kaxa Kaladze, müxalifətin Avropa Şurasının Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması tələbinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, o, müxalifəti "xarici maraqlara xidmət edən və ölkə əleyhinə əməliyyatlar aparan xain, radikal qruplaşma" olaraq qiymətləndirib.
Kaladzenin sözlərinə görə, “bu kiçik radikal qrupların ölkə daxilində öz himayəçiləri var”.
"Bu radikal qruplaşmalardan birinin nümayəndəsi ölkəmizə qarşı təhqiramiz ifadələr işlədib, Gürcüstanı oyuncağa bənzədib. Nə edək, bu insanlarla bir yerdə yaşamağa məcburuq, amma bu radikalizm və faşizm mütləq şəkildə sona çatdırılmalıdır", - deyə Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, bu hadisə bir daha göstərir ki, proseslər xaricdən idarə olunur.
“Gürcüstanın xəyanətkarları və ölkə əleyhinə fəaliyyət göstərənlər ilə yanaşı, Ukraynanın nümayəndə heyətinin üzvləri də işləyiblər. Bu bir daha göstərir ki, proseslər xaricdən idarə olunur. Bu kiçik radikal qrupların ölkə daxilində öz himayəçiləri var. Onlar bu ölkəyə aid deyillər, Gürcüstanın maraqlarına xidmət etmirlər. Həmişə ölkəmizə zərər vermək, vətənimizə və xalqımıza qarşı çıxmaq üçün çalışıblar. Bir çox belə hərəkətləri xatırlayırıq, məsələn, vizasız rejimin dayandırılmasına çalışmışdılar, assosiasiya müqaviləsinin imzalanmasını əngəlləməyə cəhd etmişdilər və s. Xainlər həmişə müvafiq cavablarını alacaqlar", - deyə Kaladze qeyd edib.


