Toğrul Allahverdili: "İki ölkənin dostluğu Qafqazın inkişafına xidmət edir"
"Azərbaycan və Gürcüstan Qafqazda söz sahibi, sülhün, təhlükəsizliyin və inkişafın ən ümdə sütunlarından biridir".
Bu sözləri InterPress.ge-yə açıqlamasında Azərbaycanın tanınmış QHT sədri, siyasi şərhçi Toğrul Allahverdili Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında baş tutan işgüzar görüşü şərh edərkən bildirib.
Toğrul Allahverdili görüşün səmərəli keçdiyini və ölkələrimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri, Gürcüstanda keçirilmiş seçkilərdən sonra ilk xarici səfər olaraq, tarixi əhəmiyyətə malikdir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında baş tutan işgüzar görüşün çox səmərəli və ölkəmiz üçün olduqca əhəmiyyətli keçdiyini əminliklə deyə bilərik. Bu görüş haqqında danışarkən ilk öncə onu qeyd etməliyik ki, gürcü baş nazirin bu səfəri Gürcüstanda keçirilən seçkilərdən sonra ilk səfər kimi tarixə düşdü. Bu, cənab prezidentimizin nüfuzu, ölkəmizin isə Qafqazda söz sahibi olmasının təzahürüdür", - deyə bildirib.
Seçkilərlə bağlı fikirlərini bildirən Allahverdili, Gürcüstanda son seçkilərin şəffaf və demokratik keçirildiyini, bu prosesin beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. O qeyd edib ki, Gürcü xalqı bu seçkilərdə öz milli dəyərlərini, təhlükəsizliyini və inkişafını qorumağa sadiqliyini nümayiş etdirib.
"Seçkilərdən söz düşmüşkən, altını çizərək qeyd etmək istərdim ki, Gürcüstanda keçirilən son seçkilər tam şəffaf keçirildi. Bunu istər dünya ölkələri, istər beynəlxalq müşahidəçilər də əminliklə təsdiq etdilər. Gürcü xalqı son seçkidə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu. Gürcüstan son illərdə çox böyük inkişaf mərhələsindədir. İstər turizm, istər gürcü xalqının rifahı artan xətt üzrə inkişaf edir və bu inkişafda hakim partiyanın, xüsusən də İ. Kobaxidzenin müstəsna rolu danılmazdır. Gürcüstan - Azərbaycan tək indi deyil, 100 illərdir mehriban qonşu, strateji tərəfdaş, dost və heç vaxt problem yaşamadığımız yeganə sərhəd ölkələrimizdən biridir. İstər Azərbaycan, istər Gürcüstan Qafqazda söz sahibi, sülhün, təhlükəsizliyin və inkişafın ən ümdə sütunlarından biridir. Gürcü və Azərbaycan xalqı regionun inkişafında ən vacib xalqlar, milli mədəniyyət, tarixi irsi qorumaqda istər Qafqaza, istər dünyaya örnək ölkələrdir. Həmçinin qeyd etməliyik ki, bu inkişaf edən dostluğun səbəbkarlarından biri də Gürcüstandakı diplomatik korpusun dəqiq və qərəzsiz işləməsi, işini layiqincə görməsidir. Şəxsən cənab səfir Faiq Quliyevin və diplomatik korpus əməkdaşlarının fəaliyyəti Cənab prezidentin Gürcüstanla bağlı siyasəti ilə uzlaşır, tamamlıq təşkil edir.
Gürcüstan həm də Azərbaycanın hər sahədə ən yaxşı tərəfdaşlarından biridir. Azərbaycana zərbə vurmaq istəyən ermənipərəst qüvvələr, sorosçular dəfələrlə gürcüstandan istifadə edərək Azərbaycanı hədəfə almağa cəhd etsələr də buna nail ola bilməmiş, Gürcüstanı sorosçuların Azərbaycana qarşı riçak olmasına imkan verməmişdir. Bu işdə hazırki baş nazirin xidmətləri əvəzsizdir, danılmazdır.
Azərbaycan xalqı, eləcə də Qafqazın qalib lideri Ali Baş Komandan Cənab İlham Əliyev qonşu Gürcüstan xalqının, dövlətinin hər zaman yanında olduğunu dilə gətirib. Təsadüfi deyil ki, ölkəmizdə səfərdə olan gürcü baş nazir öz çıxışında da özəlliklə qeyd edərək bildirdi:
"Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur."
Bəli, ölkə başçımız tək regionda deyil, həm də dünyada fərqli və düzgün stratejiya qurmağı bacaran, son illərdə dünyada baş verən saysız müharibələrin fonunda baxmayaraq ki, bizim torpaqlarda məskən salmışdılar, düşmənin sadə vətəndaşlarına, silahsız insanlara zərər vurmadan nümunəvi müharibə aparmaqla, yalnız hərbi mövqeləri hədəf alaraq əsl döyüş ustalığı göstərərək bütün dünyanın diqqət mərkəzinə düşmüş və özünəməxsus müharibəsi ilə dünya ölkələrinin öz ordularına nümunə kimi göstərilməsinə nail olmuşdur. Bu gün Gürcüstanın baş nazirinin bu çıxışı əslində buna işarə idi və tam hədəfi göstərirdi", - deyə Toğrul Allahverdili qeyd edib.


