İrakli Kobaxidze Azərbaycan gedir - Hansı mövzuda görüşlər keçiriləcək?
Gürcüstanın Baş Naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.
"Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikası baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər.
Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılıb. Görüşdən sonra liderlər media üçün birgə bəyanatlar verəcəklər.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə birinci vitse-premyer, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir", - məlumatda deyilir.


