"Avropa Xalq Partiyası" Gürcüstandakı siyasi böhranla bağlı "Təcili Qətnamə" qəbul etdi
Avropa Xalq Partiyası (EPP) Gürcüstandakı siyasi vəziyyətlə bağlı qətnamə qəbul edərək, prezident Salome Zurabişvilinin ölkənin yeganə qanuni lideri kimi tanınmasını və beynəlxalq arenada Gürcüstanın qanuni nümayəndəsi olmasını tələb edib.
InterPress.ge-nin məlumatına görə, qətnamədə Gürcüstanda yeni, müstəqil və ədalətli seçki mühitində seçkilərin keçirilməsi çağırışı edilir. Bu seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməli və şəffaflıq təmin olunmalıdır.
EPP Gürcüstanın "Gürcü Arzusu" partiyasının nümayəndələrinə, xüsusilə Bidzina İvanişvili, İrakli Kobaxidze, Kaxa Kaladze, İrakli Qaribaşvili və Şalva Papuaşviliyə qarşı sanksiyaların tətbiq olunmasını tələb edib. Qətnamədə bu şəxslərin demokratik geriləmələrə, seçki saxtakarlıqlarına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdıqları bildirilir.
Həmçinin qətnamədə Avropa İttifaqı və üzv dövlətlərdən Gürcüstan hökumətinə maliyyə dəstəyi və strateji tərəfdaşlıqları dayandırmaları istənilir. Bununla yanaşı, müstəqil media və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi təklif edilir.
Avropa Xalq Partiyası, həmçinin, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. İddialara görə, bu şəxslər hökumət tərəfindən repressiyalara məruz qalıb.
EPP Gürcüstanda insan hüquqlarının qorunması üçün beynəlxalq mexanizmlərin, o cümlədən ATƏT, Avropa Şurası və BMT-nin aktiv şəkildə istifadəsini dəstəkləyir və ölkədəki demokratik proseslərin bərpasına çağırış edir.


