ATƏT PA-nın rəhbəri Tbilisiyə səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
ATƏT Parlament Assambleyası (PA) nümayəndə heyətinin Tbilisiyə planlaşdırılan səfərinin təxirə salınması mövcud vəziyyətin diqqətlə nəzərdən keçirilməsi ilə bağlıdır.
InterPress.ge xəbər verir ki, bu barədə PA-nın prezidenti Pia Kauma Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə məktubunda yazıb.
Daha əvvəl Avropa Parlamentinin üzvü Rihard Kols sosial şəbəkədə ATƏT PA prezidentinin nümayəndə heyəti ilə birlikdə yanvarın 8-dən 10-dək Gürcüstana səfər etməyi planlaşdırdığını yazıb. Daha sonra P.Kauma sosial şəbəkədə planlaşdırılan səfərini ATƏT PA-nın iştirakının ən səmərəli olacağı vaxta qədər müvəqqəti olaraq təxirə saldığını bildirib.
"Gürcüstana planlaşdırılan səfərlə bağlı bildirməliyəm ki, 8-10 yanvar tarixlərində səfər baş tutmayacaq. Bu qərar mövcud vəziyyətin əsaslı şəkildə nəzərdən keçirilməsindən sonra qəbul edilib", - P.Kauma məktubunda yazıb.