05 
Yan
2025
15:51
482

Marneulinin Yuxarı Saral kəndində “Saral İnkişaf Təhsil Mərkəzi” fəaliyyətə başlayıb - FOTO

Bu gün Marneulinin Yuxarı Saral kəndində “Saral İnkişaf Təhsil Mərkəzi”nin açılışı keçirilib. 

InterPress.ge xəbər verir ki, tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, iş adamı Rəhim Hüseyinov, yerli sakinlər, ziyalılar və müxtəlif ictimai qurumların nümayəndələri iştirak ediblər.

Yeni təhsil mərkəzinin binası iş adamı Rəhim Hüseyinovun maliyyə dəstəyi ilə inşa edilib. Bu təşəbbüs gənclərin inkişafını təmin etmək, onların cəmiyyətə inteqrasiyasına və keyfiyyətli təhsil alma imkanlarına töhfə vermək məqsədi daşıyır.

Açılış mərasimində çıxış edənlər təhsil mərkəzinin bölgədə mühüm əhəmiyyət daşıdığını və gələcəkdə yerli gənclərin böyük uğurlar əldə etməsinə imkan yaradacağını vurğulayıblar. 

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov qeyd edib ki, mərkəzdə fəaliyyət göstərəcək kurslar tamamilə ödənişsizdir və Saral kəndi ilə yanaşı, ətraf kəndlərin gəncləri də bu imkanlardan faydalana bilərlər.

“Burada gürcü dili, ingilis dili, riyaziyyat, şahmat, rəsm, futbol və digər sahələr üzrə kurslarımız mövcuddur. Gələcəkdə həm incəsənət, həm də digər təhsil sahələrində yeni fəaliyyətlər həyata keçirməyi planlaşdırırıq,” – deyə Emin Əhmədov bildirib.

Mərkəz "İnkişaf və Təhsil Mərkəzi" təşkilatının dəstəyi ilə fəaliyyət göstərəcək. Həmçinin burada gənclər üçün müxtəlif sosial və mədəni tədbirlər keçirilməsi də planlaşdırılır.

Tədbirin sonunda hazırda təhsil alan kurs iştirakçılarına sertifikatlar təqdim edilib. Yuxarı Saral kəndinin sakinləri bu təşəbbüsü yüksək qiymətləndirərək, təhsil mərkəzinin bölgədə gənclərin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd ediblər.

Mərkəzin yaradılması və fəaliyyəti həm yerli icmanın, həm də bölgədə təhsil sahəsindəki ehtiyacların qarşılanmasında mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, hal-hazırda "Saral İnkişaf Təhsil Mərkəzi"də 115 şagird təhsil alır.


 


 


 


 


 

Bizimlə əlaqə saxlayın