Giorgi Vaşadze: Bu gün saat 19:00- da Rustavelidə yenidən toplaşacağıq
Bu gün saat 19:00-da Rustaveli prospektində növbəti etiraz aksiyası keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə “Birlik – Milli Hərəkat”ın liderlərindən olan Giorgi Vaşadze məlumat yayıb.
"Bu gün saat 19:00-dan etibarən biz yenidən Rustavelidə toplanacağıq, qələbəyə qədər vuruşacağıq”, - Vaşadze yazıb.
Xatırladırıq ki, noyabrın 28-də baş nazir İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcəyi ilə bağlı hakim komandanın qərarını elan etdikdən sonra Tbilisidə etiraz aksiyaları başlayıb. Mitinq iştirakçıları Tbilisinin iki yerində - Qorqasali küçəsində, “Gürcü arzusu”nun ofisinin yaxınlığında və Rustaveli prospektində, parlament binasının yaxınlığında toplaşıblar. Daha sonra etirazçılar parlamentin qarşısında toplanıb və burada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında dəfələrlə gərginlik yaranıb. Səhər saat 02:00 radələrində polis nümayişçilərə xəbərdarlıq etdikdən sonra Rustaveli prospektindəki mitinqi dağıtmağa başlayıb. Xüsusi təyinatlılar etirazçılara qarşı bir neçə dəfə su şırnaqlarından istifadə ediblər.
Etiraz zamanı neçə nəfərin həbs edildiyi və neçə nəfərin yaralandığı hələlik məlum deyil.