Helsinki Komissiyası Gürcüstanla bağlı bəyanat yaydı
Gürcüstan hökumətinin getdikcə qeyri-liberal daxili siyasəti ilə birlikdə Rusiyayönümlü mövqe nümayiş etdirməsi Vaşinqtonda və digər Qərb paytaxtlarında narahatlıq yaradıb.
InterPress.ge xəbər verir ki, by barədə Helsinki Komissiyasının “Uzunmüddətli Rusiya təhlükəsinə hazırlıq” adlı yeni hesabatında deyilir.
“Gürcüstandakı siyasi dəyişikliklər ABŞ siyasətinə ciddi problem yaradır. Gürcüstan hökumətinin getdikcə qeyri-liberallaşan daxili siyasəti ilə birlikdə Rusiyayönlü mövqe nümayiş etdirməsi Vaşinqtonda və digər Qərb paytaxtlarında narahatlıq yaradıb. Bununla belə, gürcü əhalisi arasında güclü qərbyönümlü əhval-ruhiyyə ABŞ-Gürcüstan tərəfdaşlığını yeniləmək üçün hələ də potensialın olduğunu göstərir”, - hesabatda deyilir.
Helsinki Komissiyası yazır ki, “Birləşmiş Ştatlar həm Gürcüstan hökumətinin demokratik geri çəkilməsinə görə məsuliyyət daşımasını, həm də demokratik idarəçiliyin qaytarılması şərti ilə Qərb institutları ilə daha dərin inteqrasiya mexanizmlərinin təmin edilməsini nəzərdə tutan iki istiqamətli strategiya hazırlamalıdır”.
“ABŞ Gürcüstanda demokratik qüvvələrə və vətəndaş cəmiyyətinə dəstək verməklə hökumətə şərti təzyiqi ehtiva edən strategiya həyata keçirməlidir. Bu yanaşma aydın göstərməlidir ki, ABŞ-ın dəstəyi demokratik islahatlardan və əhalinin tələblərinə uyğun gələn aydın qərbyönlü mövqedən və ölkədə getdikcə pisləşən demokratiyanın qorunmasından asılıdır. Eyni zamanda, ABŞ gürcü xalqının demokratik və Avropalı gələcək arzularına sadiqliyini nümayiş etdirərək, onunla münasibətləri gücləndirməyə çalışmalıdır. Belə bir strategiya Gürcüstan hökuməti ilə onun əhalisi arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə bilər ki, bu da daha sabit və konstruktiv münasibətlərin qurulmasına kömək edəcək”, - hesabatda deyilir.
Komissiya bildirir ki, “Helsinki Komissiyasının sədri Co Vilsonun təşəbbüsü ilə ABŞ-ın demokratik islahatlara dəstəyini bağlayan MEGOBARI Aktı kimi qanunvericilik aktları ABŞ-ın Gürcüstana qarşı gələcək siyasəti üçün model ola bilər”.


