Qardabanidə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir başlamazdan əvvəl Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mərkəzin icraçı direktoru Çiçək Hüseynova çıxış edib, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Daha sonra tarixçi Əvəzxan İsayev çıxış edərək gəncləri Qarabağın tarixi, ermənilərin törətdikləri cinayətlər, 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsi və şəhidlərimiz haqqında geniş məlumat verib.