Gürcüstanda terror quruplaşmasına üzv olmaqda ittiham olunan iki nəfər saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terrorçuluq cinayəti ilə bağlı davam etdirilən istintaq çərçivəsində həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi və saxlanması faktı üzrə iki Gürcüstan vətəndaşını həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Məlumata əsasən, Batumi şəhərinin iki məntəqəsində eyni vaxtda xüsusi əməliyyat keçirilib. SUS-un məlumatına görə, həbs edilən şəxslərin yaşayış yerlərindən avtomat silahlar, tapançalar, əl qumbaraları, "İslam Dövləti" terror təşkilatının simvolik bayraqları və istintaq üçün vacib olan müxtəlif növ dəlillər çıxarılıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzində Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək və 10 ildən 17 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 236 və 328-ci maddələri ilə araşdırma aparılır.
Eyni zamanda, saxlanılan şəxslərin “İslam Dövləti” terror təşkilatı ilə əlaqələrinin müəyyən edilməsi məqsədilə fəal şəkildə antiterror tədbirləri həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.


