22 
May
2024
18:35
251

Litva Seymi Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyə çağıran qətnamə qəbul edib

Litva Seymi Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyə çağıran qətnamə qəbul edib.

InterPress.ge xəbər verir ki, sənədin mətnini sosial şəbəkədə Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Jigimantas Paviolionis dərc edib.

Qətnamədə litvalı deputatlar Gürcüstan parlamenti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan narahat olduqlarını bildirirlər. Onların fikrincə, qanun qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmağa yönəlib və mahiyyətcə Rusiya Federasiyasının qəbul etdiyi “Xarici agentlər haqqında” qanuna ekvivalentdir. Litvalı deputatların fikrincə, Gürcüstanda qəbul edilən qanun Avropa dəyərlərinə və demokratik prinsiplərə uyğun gəlmir.

Sənəddə Gürcüstan hökumətinin atdığı addımların Gürcüstan vətəndaşlarının istəklərinə və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün bəyan etdiyi məqsədlərinə uyğun gəlmədiyindən narahatlıq ifadə edilir. Onların fikrincə, Gürcüstan hökumətinin hərəkətləri Gürcüstanın geosiyasi oriyentasiyası və demokratiyası üçün uzunmüddətli ciddi nəticələrə səbəb ola bilər. 

Qətnamədə deyilir ki, “Litva deputatları öz fikirlərini ifadə etmək azadlığını və Gürcüstanın Avropa gələcəyini müdafiə edən gürcü xalqına öz dəstəklərini bildirirlər”.

Sənəddə deyilir ki, “Seym dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiqini, habelə vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı böhtan və mütəşəkkil hədə-qorxu və zorakılıq kampaniyasını qətiyyətlə pisləyir”.

Litvalı deputatların fikrincə, “Aİ üzvlüyünə namizəd olan ölkədə dinc toplaşma və ifadə azadlığını boğmağa yönəlmiş bu cür hərəkətlər qəbuledilməzdir”. 

Bizimlə əlaqə saxlayın