Aİ səfiri "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təsdiq edilərsə, nələrin baş verəcəyini açıqlayıb
“Xarici təsirin şəffaflığı haqqında” qanun təsdiq olunarsa, Brüsseldəki liderlərim 27 üzv dövlətlə birgə reaksiya verməli olacaqlar, ümid edirəm ki, neqativ hadisələr spiralına girməyəcəyik”.
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlama verib.
Pavel Herçinskinin sözlərinə görə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına ciddi maneədir.
“Ümid edirik ki, ya onu geri çağırmaq, ya da bu qanuna ciddi dəyişiklik etmək üçün bir yol tapılacaq. Hamımız bilirik ki, buna hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına müraciət olunub. Biz hamımız bu hüquqi qiymətin tezliklə dərc olunmasını səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu qanunun indiki formada təsdiqlənməsinin qarşısını almaq üçün parlament prosedurları tapılacaq.
Mümkün neqativlərə gəlincə, bu sualı verdiyiniz üçün çox təəssüflənirəm. Biz Gürcüstanın uğurlu olmasını, Gürcüstanın Aİ-yə üzvlük yolunda uğur qazanmasını təmin etmək üçün buradayıq ki, bu da Gürcüstan əhalisinin əksəriyyətinin arzusudur. Ona görə də, hələlik, ümid edək ki, bu qanun təsdiqlənməyəcək və biz Avropa İttifaqının mümkün mənfi reaksiyaları barədə düşünməyək”, - Pavel Herçinski bildirib.
Aİ-nin Gürcüstandakı səfirinin sözlərinə görə, bu qanunun qəbul edilməsinin qarşısını almaq üçün hələ vaxt var.
“Mən neqativ tədbirlər haqqında danışarkən özümü çox narahat hiss edirəm. Ümid edirəm ki, bu baş verməyəcək. Bu qanunun qəbul edilməməsi üçün hələ vaxt və prosedurlar var. Ümid edirəm ki, biz millət vəkilləri və bütün siyasi partiyalarla birlikdə bütün imkanları araşdıracağıq ki, bu qanun qəbul olunmasın və bunun nəticələri haqqında fikirləşməyək. Mən gürcü xalqının cəzalandırılmasını istəmirəm, çünki bu, sonda sadə insanlara, hər bir insana mənfi təsir göstərəcək. Ona görə də indiki şəraitdə bu mərhələyə getməməyimizi təmin etmək bizim birgə məsuliyyətimizdir”, - Pavel Herçinski bildirib.


