Marneulidə Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar tədbir keçirilib - VİDEO
Marneulidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə "Heydər Əliyev - Əsrin Yadigarı" kitabının təqdimatı da baş tutub.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sərgi nümayiş olunub.
Daha sonra tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Belə ki, "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov tədbiri açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyev Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlblərində daima yaşayır. Onun elmi və siyasi irsinin təbliği istiqamətində işlər görülüb və bu, davam etdirilir. O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadənin müəllifi olduğu Əsrin Yadigarı - Heydər Əliyev kitabının təqdimatı keçirilib.
Kitabın təqdimatının baş tutmasından dolayı öz sevincini bizimlə bölüşən Nizami Məmmədzadə adıçəkilən kitabın əsasən Heydər Əliyevin həyatından və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan bəhs etdiyini vurğulayıb.
Kitabda Azərbaycanın birliyi və bütövlüyü uğrunda şəhid olanlar və onların ailələrindən də bəhs edilib, həmçinin Xocalı soyqırımı haqqında hekayələr də öz yerini tapıb.
Tədbirin ikinci hissəsində isə Azərbaycanın milli musiqisi və mətbəxi nümayiş olunub.
.


