İvanişvili: Mən sizə söz verirəm ki, 2030-cu ildə Avropa İttifaqının üzvü olacağıq
“Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi partiyasının təsisçisi və fəxri sədri Gürcüstan əhalisinə vəd edir ki, hakimiyyət ölkənin suverenliyini möhkəmləndirəcək, iqtisadiyyatı gücləndirəcək, 2030-cu ildə Gürcüstan Avropa İttifaqına üzv olacaq.
InterPress.ge xəbər verir ki, o, bu barədə hakim partiyanın təşkil etdiyi ümumi yığıncaqda çıxışı zamanı bildirib.
Bidzina İvanişvili deyib ki, hələ 2014-cü ildə o, Gürcüstanın Avropa İttifaqına üzv olmaq imkanını görüb.
"Hələ 2014-cü ildə “Cəmiyyət 2030”u qurmuşdum. O zaman Aİ-yə üzvlük çox uzaq perspektiv kimi görünürdü və mən üzvlük haqqında açıq danışmaqdan çəkindim, çünki ictimaiyyət mənim həddən artıq optimizmimi bəyənməyə bilərdi, lakin o zaman da gördüm ki, Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər. Bu gün, 2030-cu ilə cəmi 6 il qalmış Gürcüstan demokratiya, insan haqları, institutların gücü və korrupsiyanın olmaması baxımından Aİ-yə namizəd ölkələr arasında aydın liderdir. Gürcüstan iqtisadiyyatı bütün namizəd ölkələr arasında çox sürətlə inkişaf edir.
Mən sizə söz verirəm ki, biz bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq, Gürcüstan iqtisadiyyatını gücləndirəcəyik və 2030-cu ildə Avropa İttifaqına üzv olacağıq. Biz bənzərsiz tarixə, adət-ənənələrə və özünəməxsusluğu olan nadir xalqıq. Məhz bu unikal milli adət-ənənələrimiz və kimliyimizlə ümumi Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız belə olan halda Avropa İttifaqının Gürcüstan üçün və Gürcüstanın Avropa İttifaqı üçün real dəyəri ola bilər”, - deyə Bidzina İvanişvili bildirib.


