Marneuliyə çox sayda polis cəlb olunub - FOTO
Marneuli Meriyası qarşısına çox sayda polis cəlb olunub.
InterPress.ge-nin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının Meriya qarşısına cəlb olunması çox güman ki, bu gün keçiriləcək aksiya ilə bağlıdır.
Məlumat üçün bildirək ki, bu gün Marneulidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz əlaməti olaraq aksiya baş tutacaq. Qeyd olunan qanun layihəsinə qarşı artıq üçüncü gündür ki, Tbilisidə aksiya keçirilir. Aksiyada bir neçə dəfə polis əməkdaşları ilə vətəndaşlar arasında qarşıdurma baş verib.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.



