Aİ Ukraynaya hərbi yardım üçün əlavə 5 milyard avro ayırır
Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün əlavə 5 milyard avro ayırır.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin də iştirak etdiyi Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün əlavə 5 milyard avro ayrılması barədə yekun qərar qəbul edilib. Nazir bu addımına görə həmkarlarına təşəkkür edib”, - deyə məlumatda bildirilir.
Avropa İttifaqı Şurası da Ukraynaya əlavə 5 milyard avro ayrılması və Avropa Sülh Fondu çərçivəsində Ukraynaya yardım fondunun yaradılması qərarını açıqlayıb.
“Avropa İttifaqı öz öhdəliklərini yerinə yetirir. Ukraynaya Yardım Fondu sözlərimizi hərəkətə çevirir. Fondun köməyi ilə biz lazım olana qədər Rusiyanın təcavüzünə qarşı müdafiədə Ukraynanı hər vasitə ilə dəstəkləməyə davam edəcəyik”, - deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.


