Avropa Şurası 2024-cü il mətbuat azadlığı ilə bağlı hesabat dərc edib
Avropa Şurası 2024-cü il mətbuat azadlığı ilə bağlı hesabat dərc edib.
InterPress.ge xəbər verir ki, hesabatda Avropa ölkələrində jurnalistlərin problemlərindən, media nümayəndələrinə hədə-qorxu gəlinməsindən və tutulmasından bəhs edilir.
Sənəddə bir neçə dəfə Gürcüstanın adı da çəkilib.
Avropa Şurasının hesabatında Nika Qvaramiyanın 2023-cü il iyunun 22-də Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən əfv edilməsindən bəhs edilir.
“Gürcüstandan xoş xəbərdir ki, iyunun 22-də prezident Salome Zurabişvili “Mtavari Arxi"nin direktoru və ölkədə həbsdə olan yeganə jurnalist Nika Qvaramiyanı əfv edib”, - deyə bildirilib.
Sənəddə ictimai yayımçının maliyyələşdirilməsi normasının ləğv edilməsi və parlamentin ötən il noyabrın 15-də dəstəklədiyi qanun layihəsindən də bəhs edilir. Avropa Şurası bu dəyişiklikləri mənfi qiymətləndirir və parlamentin bu qərarı məsləhətləşmədən qəbul etdiyini yazır.
“Dəyişikliklər əvvəlcədən qiymətləndirilmədən, “ictimai yayımçı” ilə məsləhətləşmədən və maraqlı tərəflərlə açıq ictimai müzakirələr aparılmadan qəbul edilib. Bir neçə media azadlığı təşkilatı bildirib ki, dəyişiklik Avropa Şurasının müstəqil və adekvat maliyyələşdirmə standartlarını poza bilər”, - sənəddə deyilir.
Hesabatda qeyd olunur ki, Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Bosniya-Herseqovinada azad və müstəqil mediaya dəstək Avropa Şurası üçün prioritet məsələdir.


