Bolnisi rayonunun İmirhəsən kəndində icma mərkəzinin açılışı olub
1 Mart tarixində Bolnisi bələdiyyəsini Savaneti (İmirhəsən) kəndində icma mərkəzinin təntənəli açılışı baş tutub.
InterPress.ge-nin xəbərinə görə, açılış mərasimində Norveçin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri xanım Berqliot Hovland, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Gürcüstandakı nümayəndəsi Douqlas Vepp, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin Kvemo Kartili regionu üzrə nümayəndəsi Anar Süleymanov, QHT nümayəndələri, media əməkdaşları, ictimai xadimlər, məktəb direktorları, müəllimlər və tələbələr, gənclər, İmirhəsən və ətraf kəndlərdə yaşayan kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, "Savaneti İcma Mərkəzi" Bolnisi rayonunda ilk müstəqil mərkəz olaraq tarixə keçib, burada Savaneti və ətraf kəndlərdə yaşayan sakinlərə bir çox lazımı xidmətlər göstəriləcək.
Dəftərxana, kompüter, internet, tərcümə, və s. xidmətlər tam ödənişsiz şəkildə həyata keçiriləcək
Mərkəzdə həmçinin dil kursları, qeyri-formal tədris, idman üzrə aktivliklər, incəsənət, mədəniyyət, təlim, seminar, gender bərabərliyi, qadın hüquqları, uşaq hüquqları, inteqrasiya, ətraf mühitin mühafizəsi və s. mövzuları üzrə bütün yaş qruplarından olan sakinlərin iştirakı ilə görüşlər keçiriləcək.
İcma mərkəzinin təsis edilməsində əsas məqsədlərdən biridə kəndlərdə yaşayan gənclərin, qadınların, yaşlıların, şagirdlərin inkişafına dəstək göstərmək, lazımi xidmətlərə əlçatanlığı artırmaqdır.
"Savaneti İcma Mərkəzi" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı(UNDP), Norveç səfirliyin və Yeni Düşüncə İnstitutunun (NTI) birgə həyata keçirdiyi #LEAD (Liderlik,Bərabərlik, Vəkillik, Demokratiya) layihəsi əsasında təsis edilib.


