Təyyarədə partlayıcı qurğunun olması barədə yalan məlumat verən Gürcüstan vətəndaşı saxlanılıb
Dövlət Təhlükəsizlik Xidməti Kutaisi-Barselona reysi ilə uçan təyyarədə partlayıcı qurğunun olması barədə yalan məlumat verən Gürcüstan vətəndaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı DTX yayıb.
"Bu il fevralın 15-də Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi-Barselona reysi ilə uçan təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə yalan məlumatın verilməsinin təşəbbüskarının müəyyən edilməsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gürcüstan vətəndaşı saxlanılıb.
Adıçəkilən şəxs başqasının istifadəsində olan Gürcüstan mobil operatorundan Macarıstandakı “WizzAir” aviaşirkətinin baş ofisinə konkret limanda partlayıcı qurğunun olması barədə telefonla zəng edib.
Daxil olan bildirişə uyğun olaraq, W66417 Kutaisi-Barselona aviareysi ilə uçan təyyarə Kutaisi Beynəlxalq Hava Limanına qaytarılıb və burada Dövlət Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi ilə birlikdə protokolda nəzərdə tutulmuş bütün zəruri və təxirəsalınmaz xüsusi tədbirləri operativ şəkildə həyata keçirib. Sözügedən təyyarədə heç bir partlayıcı qurğu və ya maddə aşkar edilməyib.
Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzində Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək və ya 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 331-ci maddəsi ilə terrorçuluq haqqında yalan məlumat vermə faktı üzrə araşdırma aparılır.
Bundan əlavə, Dövlət Təhlükəsizlik Xidməti müxtəlif yalan xəbərləri fəal şəkildə araşdırır. Bu mərhələdə mesajların əksəriyyətinin xarici ölkələrdən olduğu müəyyən edilib. İstintaq çərçivəsində aparılan operativ və məxfi əməliyyatlar nəticəsində həm ölkə ərazisində, həm də ölkə hüdudlarından kənarda konkret şəxslər və qruplar müəyyən edilib.
Yalan məlumatlara gəlincə, Dövlət Təhlükəsizlik Xidməti təhdidləri müəyyən etmək və riskləri minimuma endirmək üçün bütün lazımi tədbirləri görüb.
Sonda onu da vurğulamaq istərdik ki, Dövlət Təhlükəsizlik Xidmətinin bu cür faktlara qanunvericiliyə uyğun olaraq reaksiyası çox sərt olacaq”, - deyə məlumatda vurğulanıb.


