İlya Darçiaşvili: “Tbilisi İrəvan və Bakı arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır”
Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb və Tbilisinin Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır.
InterPress.ge xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili deyib.
“Regionda sülh və sabitliyin təşviqi baxımından Gürcüstan Sülh Qonşuluq Təşəbbüsünün başlaması ilə mühüm addım atıb. Bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın yaranmasına dəstək olacaq istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir platformaya çevrilsin”, - o bildirib.
“Hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün bütün səylərini göstərəcək. Bu məqsədə nail olmaq üçün hökumət Türkiyə ilə, eləcə də Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir”, - İ.Darçiaşvili vurğulayıb.