08 
Fev
2024
13:44
301

İrakli Kobaxidze: Bu gün Gürcüstanda demokratiya, sülh, iqtisadi tərəqqi olması və Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkəyə çevrilməsi ilk növbədə cənab Bidzina İvanişvilinin sayəsindədir

"Partiyamızın qurucusu və fəxri sədri cənab Bidzina İvanişviliyə məni Baş nazir vəzifəsinə namizəd kimi irəli sürdüyünə görə bir daha təşəkkür etmək istəyirəm. Həmçinin, bir daha təkrar etmək istərdim - bu gün Gürcüstanda demokratiya, sülh, iqtisadi tərəqqi olması və Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkəyə çevrilməsi ilk növbədə cənab Bidzina İvanişvilinin sayəsindədir".

InterPress.ge xəbər verir ki, bunu Baş nazirliyə namizəd İrakli Kobaxidze parlamentin plenar iclasında deyib.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Bidzina İvanişvilinin siyasi xeyriyyəçiliyinin nəticəsi ondan ibarətdir ki, Gürcüstanın indiki hakimiyyəti müstəqilliyin bərpasından sonra ölkədə müharibənin olmadığı yeganə hakimiyyətdir.

“Bidzina İvanişvili ölkənin iqtisadi siyasətini düzgün istiqamətə qoydu, bunun nəticəsində 2012-ci ildən sonra iki qlobal və regional iqtisadi böhrana baxmayaraq, Gürcüstan iqtisadiyyatı 27 milyard laridən 80 milyard lariyə, ölkənin ümumi büdcəsi isə 8,5 milyard laridən 28,7 milyard lariyə yüksəldi. Əhalinin sosial təminat paketləri görünməmiş şəkildə genişləndirildi - universal səhiyyə proqramı tətbiq edildi, sosial yardım sistemi obyektiv meyarlar əsasında quruldu, ölkənin sosial büdcəsi dəfələrlə artırıldı. Bütün bunlar isə demokratik keçid, insan hüquqlarının müdafiəsi və siyasi plüralizmin keyfiyyətinin əsaslı surətdə yüksəldilməsi, məhkəmənin və digər hüquq-mühafizə strukturlarının siyasətdən kənarlaşdırılması, media plüralizminin bərqərar olması fonunda mümkün olub. Həmçinin, 2012-ci ilin demokratik keçidi nəticəsində ötən illər ərzində Gürcüstan Avropaya inteqrasiya istiqamətində misilsiz irəliləyiş əldə edib - Biz Avropa İttifaqı ilə assosiasiya sazişi və azad ticarət sazişi imzaladıq, vizasız səyahət rejimi əldə etdik və keçən il bizə Aİ üzvlüyünə namizəd ölkə statusu verildi. Bütün bunlara görə cənab Bidzina İvanişviliyə xüsusi təşəkkürümü bildirirəm”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın