XİN başçısı: “Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı unikal formatdır”
“Regional əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Gürcüstan və qonşuluq” adlı illik konfransda deyib.
Onun sözlərinə görə, regional əməkdaşlıq uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas hərəkətverici qüvvədir və bunun ən yaxşı nümunəsi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatıdır:
“Biz Cənub Qaz Dəhlizi layihəsinin tam reallaşdırılması ideyasına sadiqiq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında unikal regional sinergiya var. Bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarına artan tələbatın ödənilməsi mümkün olur, digər tərəfdən isə Gürcüstan və Türkiyənin tranzit potensialı Avropa bazarlarına əlavə resursların çatdırılması üçün unikal imkan yaradır”.
D.Zalkaliani qeyd edib ki, regional əməkdaşlığın daha bir nümunəsi ötən il Gürcüstanın baş naziri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan TANAP-ın ikinci hissəsinin açılmasıdır: “Bu layihə Avropanın təhlükəsizliyində yeni era deməkdir və Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsini təmin edir”.
XİN başçısı ümidvar olduğunu bildirib ki, Mərkəzi Asiya ölkələrini Gürcüstanın nəqliyyat və kommunikasiya layihələri ilə əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yaxın zamanlarda başa çatdırılacaq. /Report/