23 
Yan
2024
10:07
711

Nəqliyyat vasitələrindən çıxan zərərli qazlara görə üç mindən çox sürücü cərimələnib

2023-cü il sentyabrın 4-dən Gürcüstanın 4 böyük şəhərində - Tbilisi, Rustavi, Kutaisi və Batumidə avtonəqliyyat vasitələrinin emissiyalarına nəzarət həyata keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.

Məlumata görə, qanunun qüvvəyə mindiyi gündən indiyədək idarənin səyyar briqadaları tərəfindən avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantıların miqdarının müəyyən edilmiş normalarına əməl etmədiklərinə görə ümumilikdə 3243 hüquqi və fiziki şəxs cərimələnib.

1502 cərimə Tbilisidə hərəkət edən sürücülərin/nəqliyyat vasitələrinin sahiblərinin adına yazılıb; Kutaisidə 707, Batumidə 564, Rustavidə 470 qayda pozuntusu qeydə alınıb.

3243 cərimə qəbzindən 2785 qəbz fiziki şəxsin adına yazılıb; 458 halda hüquqi şəxslər cərimələnib.

Onu da qeyd edək ki, avtomobil sürücülərinə 1893, mikroavtobus sürücülərinə 1164, yük maşını sürücülərinə 185, avtobus sürücüsünə isə 1 cərimə qəbzi tərtib edilib.

Fiziki şəxs tərəfindən nəqliyyat vasitələrinin tullantılarına dair qanunvericiliklə müəyyən edilmiş normalara əməl edilməməsinə görə cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 laridir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.

Bizimlə əlaqə saxlayın