Marneulidə "Etnik azlıqların məhkəməyə əlçatanlığı" mövzusunda məlumatlandırıcı görüş keçirilib
Marneulidə, USAİD-in ofisində Xalq Müdafiəçisi aparatının nümayəndəsi sakinlərlə "Etnik azlıqların məhkəməyə əlçatanlığı" mövzusunda məlumatlandırıcı görüş keçirib.
InterPress.ge xəbər verir ki, görüşdə əsasən gənclər, siyasi partiya üzvləri, QHT və media nümayəndələri iştirak ediblər.
Xalq Müdafiəçisi aparatının Analitik Departamentinin nümayəndəsi Mariam Orjonia Kvemo Kartili bölgəsində ədalət xidmətlərinə əlçatanlıq barəsində danışıb. Onun sözlərinə görə, etnik azlıqların məhkəməyə müraciət edə bilməmələrinin ən başlıca səbəblərindən biri dil baryeridir.
"Əsasən etnik azlıqların məskunlaşdığı bölgələrdə dil baryerinin olması danılmazdır. Sakinlər hər-hansı problemlə bağlı məhkəməyə müraciət etmək istəyəndə, onlara dövlət dilini yaxşı bilən biri lazım gəlir. Məhz elə bu problemi aradan qaldırmaq üçün dövlət tərəfindən bir çox əlçatan pulsuz kurslar olmalıdır. Təbii ki, gürcü dilini pulsuz öyrədən kurslarımız mövcuddur, ancaq bu kifayət etmir", - deyə M.Orjonia bildirib.
Görüşün sonunda, sözügedən mövzuyla bağlı iştirakçılarla müzakirə aparılıb.
Qeyd edək ki, məlumatlandırıcı görüş USAİD-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə, Prevensiya Proqres üçün və Mülki Məşğulluq və Aktivizm Mərkəzi təşkilatları tərəfindən təşkil olunub.
Xəbərin müəllifi: Aysun Əhmədova


