Baş nazir 2027-ci ilə qədər Gürcüstanda bütün məktəblərin Avropa standartına uyğun tikiləcəyini bildirdi
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, 2027-ci ilə qədər Gürcüstanda bütün məktəblər vahid Avropa standartına uyğun bərpa olunacaq və tikiləcək.
InterPress.ge xəbər verir ki, bu barədə o, “Ümumi təhsil islahatının təqdimatı”nda bəyan edib.
Baş nazir bildirib ki, 2024-cü ildə 250-yə yaxın yeni məktəbin tikintisi və bərpası planlaşdırılır.
“Bilirsiniz ki, keçən il mənim göstərişimlə biz genişmiqyaslı proqrama başlamışıq. Baxmayaraq ki, son illərdə çoxlu məktəblər tikilib, təmir edilib, biz 1000-ə qədər yeni məktəbin bərpasına və tikintisinə başlamışıq, bir milyard lari xərclənəcək. Bu layihə çərçivəsində 2027-ci ilə qədər bütün məktəblər, deyə bilərik ki, vahid Avropa standartı üzrə təmir ediləcək və tikiləcək. Övladlarımızın, uşaqlarımızın, müəllimlərimizin layiqli şəraitdə gün keçirmələri, bilik almaları, uşaqlarımızı öyrətmələri çox vacibdir. Keçən il biz bir neçə yüz məktəblə bağlı müqavilə bağladıq, bu il artıq aktiv işlər gedir və 2024-cü ildə 250-yə yaxın yeni məktəbin tikintisi və bərpası planlaşdırılır”, - Ğaribaşvili bildirib.


