12 
Dek
2023
13:56
755

Tbilisidə gənc rəssam Afət Kazımovanın fərdi sərgisi keçirilib

"Alyans" Gənclər Mərkəzində gənc rəssam Afət Kazımovanın fərdi sərgisi keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə "Alyans" Gənclər Mərkəzi məlumat yayıb.

"Rəsm çəkməyə ikinci sinifdə başladım, mənə rəsmi sevdirən insan ibtidai sinif müəlliməm Telli Mamedova olub. 4-cü sinifdən sonra arabir rəsm çəkirdim, amma 8-ci sinifdə davamlı çəkməyə başladım. Bu, məni xoşbəxt edirdi. Bir gün məktəb divarından rəsmlərimin qoparıldığını gördüm və çox həvəsdən düşdüm, çünki rəsmlərimə çox əmək sərf edirəm və onun dəyərsiz vəziyyətə salınması, cırılıb atılması mənə ağır gəldi.

Uzun illər sonra, 11-ci sinifdə rəsmə yenidən başladım, Özümü inkişaf etdirməyə başladım, məqsədlər qoydum. O vaxt xüsusi qabiliyyətimin olduğunun fərqinə vardım.

Qaraçöpdə ilk rəsm sərgimi açdım. Kənddə böyüyən bir qız üçün bu böyük uğur idi…

Ən çox təbiət mənzərəsi və öz həyatımda mənə təsir edən problemlərimi rəsmdə canlandırmağı sevirəm. Çünki çox pis olduğumda özümü belə rahatladıram. Ən çox fikirləşdiyim problemimi rəsmdə canlandırıb, o problemimdən xilas oluram. Özümü təbiət mənzərəsində xəyal edirəm, rəsmin verdiyi hüzur, rahatlıq mənim ən böyük xoşbəxtliklərimdən biridir.

Mənə dəstək olan ailəmə çox təşəkkür edirəm. Kənd yerində qız uşaqlarına oxumağa, yaradıcılıqla məşğul olmağa az ailə şərait yaradır. Mən şanslı idim.

Daha çox sərgilər açmaq və kəndimizdə mənim kimi qabiliyyəti olan insanlara dəstək olub şərait yaratmaq istəyirəm", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın