Aqil Mustafayev ana müxalifətin reytinq göstəricilərinin düşməsinə münasibət bildirdi: "Bu, onu göstərir ki, artıq Gürcüstan əhalisi Gürcü Arzusu və Milli Hərəkat Partiyasından bezib"
Vahid Milli Hərəkat partiyasının keçmiş üzvü, hazırda isə Lelo Gürcüstan Partiyasının Kvemo kartili üzrə nümayəndəsi Aqil Mustafayev NDI-nın dünən partiyalarla bağlı açıqladığı sorğuya münasibət bildirib.
InterPress.ge-yə müsahibə verən Mustafayev qeyd edib ki, bu cür sorğular Gürcüstanın gələcəyi üçün çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, sorğudan da açıq görünür ki, Gürcüstan əhalisinin 47% faizi hər-hansı siyasi partiya haqqında fikir bildirmək üçün tələsmir və bu, onu göstərir ki, artıq Gürcüstan əhalisi Gürcü Arzusu və Milli Hərəkat Partiyasından bezib.
"Gürcüstan əhalisinin əksəriyyəti artıq yeni partiyaların, yeni güclərin daha da aktivləşməsini və siyasi cərəyanı öz əlinə götürməsini istəyir. Əhali fikirləşir ki, yeni partiyaların və koalisiyanın qurulması Gürcüstan üçün çox önəmlidir. Milli Hərəkatın nəticələrinə və bu hala gəlib çıxmasına gəlincə, partiyada bu hal üç il əvvəl başlayıb və daxili çəkişmələr, partiyanın idarə edilməsi sisteminin bir neçə insan arasında bölüşdürülməsi və regionların partiyadakı rolunun bu dərəcəyə gətirilib çıxarılması gözlənilməz bir şey deyildi. Bu, üç il əvvəl başlayan proseslərin bariz nümunəsidir. Milli Hərəkat Partiyasının 2020-ci ildə parlament mandatlarını satışa çıxarması, ən güclü siyasi simaları parlament siyahısından uzaqlaşdırması, 2021-ci ildə rayon təşkilatlarının oradan uzaqlaşdırılması və başqa insanlarla əvəz edilməsi Milli Hərəkatın parçalanmasına və 4% -lik nəticəyə sahib olmasına səbəb oldu", - deyə o bildirib.


