09 
Dek
2023
12:33
452

Gürcüstan Prokurorluğu transmilli cinayət aşkar edib

Gürcüstan Prokurorluğu transmilli cinayət aşkar edərək, çirkli pulların yuyulması ittihamı ilə xarici ölkənin iki vətəndaşına qarşı cinayət təqibinə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Vyetnam vətəndaşı və onun əlaltısı əllərində olan vəsaiti tədricən Gürcüstanda açılmış şəxsi bank hesablarına yerləşdiriblər, bundan sonra həmin vəsaitləri bahalı daşınmaz əmlaka yatırıblar, yəni: 2020-2021-ci illər ərzində onlar Tbilisinin prestijli rayonlarından birində iki yaşayış mənzili, Batumidə iki yaşayış mənzili və üç qaraj, Lançxutidə isə torpaq sahəsi alıblar. Bununla da təqsirləndirilən şəxslər bir milyon lari ekvivalentində qeyri-qanuni və əsassız gəlirə hüquqi sifət verməyə və qanuni iqtisadi dövriyyəyə daxil etməyə nail olublar.

İstintaq mərhələsində təqsirləndirilən şəxslərin mülkiyyətində olan yuxarıda qeyd olunan daşınmaz əmlaklar üzərinə həbs qoyularaq onların sonradan gizlədilməsinin qarşısı alınıb.

Cinayət mənşəli əmlakın dövlət xeyrinə müsadirə edilməsini təmin etmək məqsədilə prokurorluq tərəfindən müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın