01 
Dek
2023
10:13
452

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi keçirilib - FOTO

Marneulidə yerləşən “Azərbaycan Evi”ndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi təşkil edilib. 

InterPress.ge xəbər verir ki, konfrans və fotosərgi AZƏRTAC-ın təşəbbüsü və “Azərbaycan Evi”nin birgə təşkilatçılığı ilə keçirilib.

Belə ki, sərgidə fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunub.

Sərgi salonunda Azərbaycan incəsənət ustalarının Ulu Öndərə həsr olunmuş mahnıları səsləndirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, sakrebulun üzvü Anar Piriyev, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans və sərginin təşkili təkcə Tbilisidə deyil, Marneulidə və Gürcüstanın digər bölgələrində də keçirilməsi Ulu Öndərə hörmət və ehtiramın, sevginin bariz nümunəsidir.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, gürcü xalqının da qarşısında danılmaz, böyük xidmətləri olub. Bu günlərdə Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü qeyd edilib. Ötən illər ərzində ölkələrimiz arasında 100-dən çox vacib, dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycan və gürcü xalqlarının rifahının yüksəlməsində mühüm rol oynayır. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə cari ilin “Heydər Əliyev İli” elan olunduğunu vurğulayıb. Bildirib ki, səfirlik tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planı hazırlanıb və bu planla Gürcüstanda da silsilə tədbirlər keçirilib. Tbilisidəki Botanika bağında "Heydər Əliyev adına nar bağı" salınıb, paytaxt Tbilisidə və regionlarda böyük sərgilər, konsert və digər tədbirlər təşkil olunub. Bu cür tədbirlər bundan sonra da davam edəcək. O, ölkə və hökumət başçılarının qarşılıqlı səfərlərin, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvilinin keçirdiyi görüşlərin və müzakirə olunan məsələlərin mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

Diplomat AZƏRTAC-ın təşəbbüsü və "Azərbaycan Evi"nin birgə təşkilatçılığı çərçivəsində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze çıxışında Heydər Əliyevlə bağlı görüşlərini xatırladıb. Ulu Öndərin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi daim gürcü xalqının xatirəsində yaşayacaq.

Daha sonra Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Marneuli sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları Ulu Öndər, fenomen şəxsiyyət Heydər Əliyev haqqında xatirələrini bölüşüb, onun gürcü xalqı qarşısındakı xidmətlərindən danışıblar.

Sonda çay süfrəsi təşkil olunub, qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər