Aİ səfiri işğal olunmuş Abxaziya bölgəsində Rusiyanın mümkün hərbi baza yaratması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib
"Separatçı və işğal olunmuş Abxaziya regionunda daha bir mümkün Rusiya bazasının yaradılması ilə bağlı geniş yayılmış xəbər, təbii ki, son dərəcə narahatedicidir”.
InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Rusiyanın işğalı altında olan Abxaziyanın Oçamçire ərazisindəki hərbi və dəniz bazalarının daimi məntəqəsinin yaradılması məsələsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın 2008-ci ilin altı bəndlik planı üzrə öhdəliklərinin açıq şəkildə pozulması olacaq.
“İcazə verin, Avropa İttifaqının mövqeyini ucadan və aydın şəkildə təkrar edim - biz Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Separatçı və işğal olunmuş Abxaziya bölgəsində daha bir mümkün Rusiya bazasının yaradılması ilə bağlı geniş yayılmış xəbər, təbii ki, son dərəcə narahatedicidir. Bu, bizim Avropa İttifaqı ilə danışıqlar apardığımız 2008-ci il altı bəndlik plan çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklərin açıq şəkildə pozulması olardı. Bu, çox arzuolunmaz və narahatedici hadisədir”, - Pavel Herçinski bildirib.


