Gürcüstan XİN-dən Rusiyaya çağırış
Gürcüstan Xarici İşlər Nazirliyi KİV-də Rusiyanın işğal olunmuş Abxaziyada yeni hərbi bazasının açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
InterPress.ge xəbər verir ki, qurumun mətbuat və informasiya şöbəsi qeyd edib ki, bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
“Biz Suxumidəki rus işğalçı rejiminin Gürcüstanın işğal olunmuş ərazilərində əlavə Rusiya hərbi bazasının yerləşdirilməsi və Gürcüstanın bölünməz Abxaziya regionunun Rusiyanın təşəbbüsü ilə həyata keçirilən inteqrasiya proseslərinə daxil edilməsi ilə bağlı bəyanatlarından narahat olduğumuzu bildiririk.
Bu cür hərəkətlər Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasını və Abxaziya və Sxinvali bölgələrinin qanunsuz işğalını qanuniləşdirmək üçün növbəti təxribat cəhdini əks etdirir.
Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Biz Rusiya Federasiyasını beynəlxalq öhdəliklərinə hörmət etməyə, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də bağlanmış atəşkəs haqqında sazişi yerinə yetirməyə və Gürcüstanın bölünməz ərazilərinin qanunsuz işğalını dayandırmağa çağırırıq”, - deyə bildirilib.
İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya bildirib ki, Rusiya Qara dəniz sahillərində işğal olunmuş Abxaziyada hərbi və hərbi dəniz qüvvələrinin yeni daimi bazası yaratmağı planlaşdırır və Rusiya ilə Abxaziya separatçı rejim arasında müvafiq saziş imzalanıb.


