İrakli Kobaxidze: "Gürcüstanda nə inqilaba, nə də ikinci cəbhəyə yol verməyəcəyik"
"İnqilabi proseslərə gəlincə, birmənalı şəkildə demək olar ki, dövlət buna imkan verməyəcək. Gürcüstan suveren, müstəqil dövlətdir və biz ölkəmizdə sülh və əmin-amanlığın qayğısına qalacağıq və ölkəni qarışdırmaq imkanı verməyəcəyik, inqilaba və ya ikinci cəbhəyə imkan verməyəcəyik".
InterPress.ge xəbər verir ki, hakim partiyanın sədri və parlament çoxluğunun lideri İrakli Kobaxidze DTX-nin “Kanvas” qrupunun üzvlərinin keçirdiyi təlimi əks etdirən kadrları yaymasına belə cavab verib.
“Dövlət Təhlükəsizlik Xidmətinin brifinqinə baxdım. Xatırlayırsınız ki, əvvəlcə bu insanlar səfərlərinin əsl məqsədini gizlətməyə çalışırdılar. Deyirdilər ki, guya mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər, treninqlər keçirirlər, amma məlum oldu ki, onların məqsədi ölkəmizdə inqilabi prosesləri hazırlamaq və planlaşdırmaq olub ki, bu da narahatlıq doğurur. Bunun hamısının USAİD tərəfindən maliyyələşdirilməsi daha çox narahatçılıq doğurur. Düşünürəm ki, bu Amerikanın köməyi deyil. Təbii ki, bununla bağlı bizə aydınlıq gətirilməsinə ehtiyac olacaq - birbaşa məqsədi Gürcüstanda inqilaba hazırlıq olan belə təlimlər niyə USAİD tərəfindən maliyyələşdirilir?
Bu təlimin adının “Qeyri-zorakı fəaliyyət” olduğu çox düzgün qeyd olundu, amma əslində inqilab təşkil etmək üçün istifadə olunacaq birbaşa zorakılıq üsullarından söhbət getdiyini gördük. Ssenari nədir - xaos, inqilab və Ukraynada müharibə başlayandan bəri çalışdıqları ikinci cəbhə. Lakin görünən odur ki, bu məqsəd hələ də səngiməyib, aktuallığı qorunub saxlanılıb. Ona görə də belə proseslərin planlaşdırıldığını görürük. Yenə təkrar edirəm, bütün bunların USAİD tərəfindən maliyyələşdirilməsi xüsusilə təəssüf doğurur. Bununla bağlı dost dövlətimizdən izahat eşitməyə ehtiyac duyacağıq”, - Kobaxidze bildirib.


