Azərbaycanın Gürcüstandakı səfiri bu il Gürcüstanda ali məktəblərə yüksək balla qəbul olan gənclərlə görüşüb
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Auditoriyasında bu ölkənin ali məktəblərinə yüksək balla qəbul olunmuş azərbaycanlı tələbələrlə görüşüb.
InterPress.ge xəbər verir ki, görüş “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və səfirliyin təşkilatçılığı ilə baş tutub.
Gənclərin inteqrasiyasında təhsilin rolunu xüsusi qeyd edən F.Quliyev bildirib ki, bir neçə il bundan əvvəl Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də dövlət və hökumət orqanlarında azərbaycanlıların sayı çox az idi. Lakin Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğı nəticəsində indi onların sayı minlərlərdir.
Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımlıza göstərdiyi diqqət və qayğıdan danışan diplomat deyib ki, son illər ərzində dövlətimiz tərəfindən minlərlə soydaş gəncin təhsil haqqı SOCAR tərəfindən ödənilib. Bu ildən ADA Universitetinin rektoru professor Hafiz Paşayevin təşəbbüsü ilə 25 soydaşımız ADA Universitetində iki il magistr təhsili alacaq. Bu da həmin gənclərin Gürcüstanda daha yüksək gəlirlə təhsil sahəsində çalışmalarına geniş imkanlar yaradacaq.
Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinin dünyada nümunə olduğunu vurğulayan səfir bildirib ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da gəclərimizin inteqrasiyasında da mühüm rol oynayır.
Sonra “Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrəhova və mərkəzin icraçı direktoru Rəna Hüseynova rəhbərlik etdikləri qurumun fəaliyyəti, gənclərin təlim və təhsil proseslərinə cəlb olunmaları istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, gəncləri mərkəzlə fəal əməkdaşlığa çağırıblar.
Onlar Azərbaycan dövlətinin və Gürcüstandakı səfirliyin soydaşlarımıza göstərdikləri diqqət və qayğını, dəstəyi yüksək qiymətləndiriblər.
Çıxış edən gənclər göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, təhsildə yüksək nəticələr əldə edəcəklərini və onlara göstərilən etimadı doğruldacaqlarını deyiblər.
Sonda tələbələrə hədiyyələr təqdim olunub.