Aİ-nin ali nümayəndəsinin 7-8 sentyabr tarixində Gürcüstana səfəri baş tutacaq
Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Cozef Borrel sentyabrın 7-8-də Gürcüstana səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti yayıb.
Eyni məlumata görə, onun hazırkı vəzifəsində ölkəyə ilk rəsmi səfəri Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə etməyə, eləcə də daha geniş xarici siyasət və regional məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan verəcək.
Səfər çərçivəsində ali nümayəndəni Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək. Həmçinin Cozef Borell Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin məlumatına görə, baş nazirlə görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Həmçinin, Cozef Borell Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə də görüşəcək.
Məlumata görə, Aİ-nin Ali Nümayəndəsi, vitse-prezident də parlamentdəki bütün siyasi partiyaların nümayəndələri ilə görüşmək və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparmaq fürsətindən istifadə edəcək.


