Viktor Orban: “NATO-ya qoşulmadan Ukraynanın suverenliyini təmin etmək üçün Rusiya ilə təhlükəsizlik sazişi bağlamalıyıq”
Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, Ukraynanın yeni təhlükəsizlik arxitekturasına dair Rusiya prezidenti Vladimir Putinlə “müqavilə” bağlanmalıdır.
InterPress.ge xəbər verir ki, bu sözləri Viktor Orban mediaya müsahibəsində deyib.
Onun sözlərinə görə, bundan əlavə, Ukraynanın NATO-ya daxil olması və rəsmi Kiyevin Krım yarımadası ilə bağlı hər hansı iddiası istisna edilməlidir.
“Ukraynanın NATO-ya daxil olmadan təhlükəsizliyini və suverenliyini təmin etmək üçün Rusiya ilə yeni təhlükəsizlik arxitekturasına dair razılaşma əldə etməliyik. Krımın qaytarılması Ukrayna üçün tamamilə qeyri-realdır. “Ukrayna müharibəni uduzmağa yaxındır, çünki Rusiya ordusu say baxımından üstünlüyə malikdir”, - Orban deyib.
Macarıstanın baş nazirinin sözlərinə görə, Ukraynada sülhün bərqərar olması üçün ən yaxşı şans ABŞ-ın eks-prezidenti Donald Trampın hakimiyyətə qayıdışı və bu ölkəyə hərbi dəstəyin dayandırılması olacaq.


