Türkiyənin Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib
Bu gün, Türkiyənin şərqində, Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Yeşilyurt rayonu olub.
Zəlzələ Kahramanmaraş, Adıyaman, Şanlıurfa və Qaziantep də daxil olmaqla yaxın vilayətlərdə hiss olunub.
Türkiyə mətbuatının məlumatına görə, zəlzələdən sonra insanlar küçələrə çıxıb. Malatya valisinin sözlərinə görə, fevralın 6-da baş verən güclü zəlzələdə qəzalı vəziyyətə düşən tərk edilmiş bina bugünkü zəlzələ nəticəsində uçub. Panikaya düşənlərdən biri isə eyvandan özünü atıb.
Həlak olanlar və yaralananlar barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, fevral ayında Türkiyədə 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Ölkənin cənub-şərqində evlər və yollar dağılıb, azı 50 min insan həlak olub, minlərlə insan yaralanıb. Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edilib.


